Uşaqlarda baş ağrılarının əsas səbəbləri

Məqalədə olanlar

Baş ağrısı uşaqlarda tez-tez rast gəlinən şikayətlərdən biridir. Aparılan tədqiqatlarda ibtidai məktəb uşaqlarının təxminən yarısında vaxtaşırı baş ağrısı şikayəti olduğu görülmüşdür.

Bu nisbət yeniyetməlik dövründə daha da artır. Uşaqlıq dövrü baş ağrısı ümumiyyətlə ana-atalarda narahatlıq yaratsa da, bu baş ağrılarının əksəriyyəti təhlükəli olmayan xəstəliklərə bağlıdır.

Uşaqlıq Dövrü Baş Ağrılarının Səbəbləri Hansılardır?

A-) Primer baş ağrısı sindromları (hər hansı bir orqanik xəstəliyin olmadığı hallar)

Bu qrupda baş ağrısına səbəb ola biləcək orqanik xəstəlik yoxdur. Aparılan müayinələr normaldır.

Uşaqlarda tez-tez görülən primer baş ağrısı sindromları:

  • Migren
  • Gərginlik tipli baş ağrısı
  • Klaster baş ağrısı
  • Xroniki gündəlik baş ağrısı

Miqren baş ağrısı

  • Orta və ya ağır şiddətlidir və uşağın gündəlik fəaliyyətlərini pozur
  • Müddəti 2 ilə 72 saat arasında dəyişir
  • Ağrı rutin fiziki fəaliyyətlə artar, istirahət və yuxu ilə azalır
  • Zonqlayıcı tərzdə və başın bir tərəfində yerləşir
  • Ağrı ilə birlikdə ürəkbulanma, qusma, qarın ağrısı ola bilər
  • Ağrı zamanı fotofobiya (işıq həssaslığı) və/və ya fonofobiya (səs həssaslığı) vardır

Gərginlik Tipli Baş Ağrısı

  • Yüngül və ya orta şiddətdə ağrıdır
  • Müddəti 30 dəqiqə ilə bir neçə gün arasında dəyişir
  • Sıxışdırıcı tərzdə və adətən iki tərəfli ağrı olur
  • Nadir hallarda fotofobiya (işıq həssaslığı) və/və ya fonofobiya (səs həssaslığı) müşayiət edə bilər

Klaster Baş Ağrısı

  • Çox şiddətli baş ağrısı atakları olur
  • Adətən 3 saatdan qısa müddət davam edir
  • Demək olar ki, həmişə bir tərəfli olur və əsasən frontal-periorbital bölgədə (alnında, göz ətrafında) görülür
  • Adətən eyni tərəfdə konunktival hiperemiya (gözün qızarması), göz yaşının artması və burun axıntısı kimi avtonomik əlamətlər müşayiət edir

Xroniki Gündəlik Baş Ağrısı

Ən azı 3 aydır davam edən, 1 ayda ən azı 15 dəfə təkrarlanan, gündə ən azı 4 saat qədər davam edən və aparılan bütün müayinələrlə orqanik səbəbin müəyyən edilmədiyi baş ağrısı sindromudur.

B-) Sekunder Baş Ağrısı (Altda Yatan Başqa Xəstəliyə Bağlı)

Bu uşaqlarda baş ağrısına səbəb olan xəstəlik, patologiya vardır. Ən tez-tez səbəbləri:

  • Yuxarı tənəffüs yolları infeksiyaları (qrip, boğaz və qulaq infeksiyası, sinüzit, rinit və s.)
  • Diş və diş əti problemləri
  • Kəskin hərarətli xəstəliklər
  • Meninjit və ensefalit (beyin və beyin qişasının iltihabı)
  • Hidrosefaliya (beyin ətrafındaki mayenin həddindən artıq çoxalması)
  • İntrakranial hemorragiya (beyin qanaması)
  • Baş travması
  • Beyin şişi
  • Hipertenziya (Düşünüldüyünün əksinə uşaqlarda da tansiyon xəstəliyi ola bilər!)

Baş Ağrısı Olan Hər Uşaqda Beyin Filmi (Tomoqrafiya/MR) Çəkilməlidir?

Baş ağrısı olan uşaqlarda; anamnez və fiziki müayinədə intrakranial patologiya (kəllə daxilində xəstəlik) düşündürən anormal şikayət və ya əlamət yoxdursa, beyin görüntüləməyə ehtiyac yoxdur. Aşağıdakı şikayət və ya əlamətlərdən hər hansı biri varsa beyin filmi çəkilməlidir.

İntrakranial patologiya (kəllə daxilində xəstəlik) düşündürən şikayətlər:

  • Yuxudan oyandıran və ya oyanarkən yaranan baş ağrısı, oyanarkən fışqırır tərzdə qusma
  • Çox ani başlanğıclı şiddətli baş ağrısı
  • Ağrı ilə birlikdə tarazlığın pozulması, anormal göz hərəkətləri kimi başqa şikayətlərin olması
  • Baş ağrısının zamanla getdikcə artması
  • Baş ağrısının tezliyi və şiddətində ani artışın olması
  • Oksipital (başın arxasında, ənsə kökündə) baş ağrısı
  • Təkrarlanan lokal (həmişə eyni yerdə olan) baş ağrısı
  • Dərman istifadə edilməsinə baxmayaraq baş ağrısının düzəlməməsi
  • Xəstənin yaşının 3 yaşdan kiçik olması

İntrakranial patologiya (kəllə daxilində xəstəlik) düşündürən əlamətlər:

  • Anormal nevroloji müayinə əlamətləri
  • Papil ödemi (göz dibində ödem) və ya retinal hemorragiya (göz qanaması)
  • Bədən ölçülərindəki ani dəyişikliklər
  • Ənsə sərtliyi
  • Başda travma əlamətləri
  • Kranial üfürüm
  • Neyrokutan sindromları düşündürən dəri lezyonları

Baş Ağrılarının Müalicəsi Varmı?

Sekunder (altda yatan başqa xəstəliyə bağlı) baş ağrılarında müalicə səbəbə yönəlikdir, baş ağrısına səbəb olan xəstəlik müalicə edilir. Primer baş ağrısı sindromlarında müalicə xəstənin vəziyyətinə görə kəskin atak müalicəsi və profilaktik (qoruyucu/qarşısıalıcı) müalicə olaraq planlaşdırılır.

Kəskin atak müalicəsi, davranış müalicəsi, səssiz və qaranlıq otaqda dincəlmək və ya yatmaq, farmakoloji (dərmanla) müalicə, analjezik (ağrıkəsici) dərmanlar (ibuprofen, parasetamol) lakin həftədə 1-2 dəfədən çox analjezik istifadə edilməməlidir.

Profilaktik (Qoruyucu/Qarşısıalıcı) Müalicə

Hansı hallarda profilaktik (qoruyucu/qarşısıalıcı) müalicə başlanır?

  • Ayda 3 dəfədən çox təkrarlanan və/və ya həyat keyfiyyətinin pozulduğu ağrı varsa
  • Kəskin müalicələrin kifayətsiz qaldığı və ya əks göstərişli olduğu hallarda
  • Həddindən artıq analjezik istifadə riski olan hallarda profilaktik müalicələrə başlanmalıdır

Davranış Müalicəsi

  • Uşaq və ailənin təhsili
  • Gündəlik tutulması
  • Tetikləyici faktorlardan qaçınmaq
  • Pəhriz tənzimlənməsi
  • Bol maye qəbulu
  • Müntəzəm yuxu
  • Gündəlik məşq (20-30 dəq)

Farmakoloji (Dərmanla) Müalicə

  • Migren: propranolol, flunarizin, amitriptilin, natrium valproat, topiramat, siproheptadin, riboflavin
  • Gərginlik tipli baş ağrısı: amitriptilin, topiramat
  • Klaster baş ağrısı: verapamil, topiramat

Qeyri-Farmakoloji Yanaşmalar

  • Akupunktur
  • Hipnoz
  • Masaj
  • Psixoterapiya

Lakin uşaqlıq çağı baş ağrılarında həyat tərzi dəyişiklikləri və qidalanma daha vacibdir. Xüsusilə migrenli uşaqlarda yuxu rejimi diqqət edilməlidir.

Açıq havada müntəzəm məşq etmək, balanslaşdırılmış qidalanmaq, hazır qidalardan qaçınmaq da baş ağrılarını azaldıcı təsirə malikdir. Həmçinin bəzi uşaqlarda baş ağrıları müəyyən qidalarla tetiklənə bilər.

Bu tip qidalar varsa istifadə edilməməsi baş ağrısını dayandıra bilər. Streslə əlaqəli baş ağrısı çəkən uşaqlarda psixoloji müalicələr, biogeribildirim kimi gevşəmə üsulları da alternativ müalicə olaraq istifadə oluna bilər.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Paylaşmaq :