Serebral iflic xəstəliyi, inkişaf etməkdə olan beynin məruz qaldığı bir vəziyyətə görə proqressiv olmayan duruş və hərəkət pozğunluğunu, zəifliyi ifadə edir. Bu xəstəliyin cəmiyyətimizdə rastgəlmə tezliyi 1000-də 4-dür.
Adətən bu vəziyyəti epilepsiya və əqli gerilik, eşitmə və görmə problemləri də müşayiət edir. İki yaşından əvvəlki dövrdə bətndaxili, doğuş zamanı və doğuşdan sonra müxtəlif səbəblərə bağlı olaraq inkişaf edə bilər.
Serebral iflic nədir?
Serebral iflic xalq arasında beyin iflici olaraq da bilinir. Beyin iflici doğuş zamanı və ya sonrasında beynin zədələnməsi nəticəsində yaranır. Şəxsin əzələlərinə nəzarət edə bilmədiyi, hərəkətlərinə və duruşuna çox təsir edən və hətta motor bacarıqlarının funksiyasızlaşdığı, ömür boyu davam edən bir xəstəlikdir.
Serebral iflic növləri hansılardır?
Xəstəliyin erkən aşkarlanması və reabilitasiyası üçün bütün riskli körpələrin nevroloji cəhətdən yaxından izlənməsi vacibdir. Serebral iflic; spastik, diskinetik, ataksik və qarışıq tip olaraq təsnif edilir.
Spastik tip ikitərəfli (kvadriparez, dipareziya) və ya birtərəfli (hemiparez) şəkildə görülə bilər.
Diskinetik tip öz daxilində xoreoatetoid və distonik olaraq iki yerə ayrılır.
Ataksik tip ən az rast gəlinənidir.
Qarışıq tipdə isə iki klinik tip bir yerdə müşahidə olunur.
Vaxtından əvvəl doğulmuş körpələrdə ən çox rast gəlinən spastik dipareziya tipidir. Yüksək sarılıq səbəbiylə qan dəyişdirilən körpələrdə (kernikterus mənzərəsi) diskinetik tip görülür.
Ən ağır proqnoz spastik kvadriparezik tipdədir. Spastik hemiparez mənzərəsinə anadangəlmə beyin inkişafı pozğunluqları, vaskulyar səbəblər, qanaxma yol açır. Serebral iflic diaqnozunda beyin görüntüləmədən (KT, MRT) istifadə edilir.
Serebral iflicin səbəbləri
Serebral iflicə səbəb olan amillər üç fərqli dövrdə araşdırılır. Bunlar doğuşdan əvvəlki, doğuş anı və doğuşdan sonrakı proseslərdir.
Doğuşdan əvvəlki dövrdə anada olan xəstəliklər və dərman istifadəsi ilə yanaşı, radiasiyaya məruz qalma və ya travmalar da serebral iflicə səbəb ola bilər. Eyni zamanda qohum evliliyi də əhəmiyyətli amillər arasındadır.
Doğuş anında isə; göbək ciyəsinin dolanması, erkən və ya gec doğum, çoxdöllü hamiləlik və doğuş travmaları, doğuş zamanı körpənin oksigensiz qalması səbəbi ilə serebral iflic ortaya çıxa bilər.
Doğuşdan sonrakı prosesdə beyin qanaması, qıcolmalar və qızdırmalı xəstəliklər ilə hipoqlikemiya da serebral iflicə səbəb ola bilər.
Serebral iflicin əlamətləri
Beyin iflici də adlandırılan bu xəstəliyin ən əsas simptomu hərəkət edərkən çətinlik çəkmə, koordinasiya problemi yaşama, danışıqda çətinlik, davamlı əsəbilikdir.
Serebral iflicin əlamətləri aşağıdakı kimi sıralana bilər:
Tez-tez yıxılma
Udqunmada çətinlik
Əzələ koordinasiyasında zəiflik
Motor bacarıqların inkişafında gerilik
Qeyri-iradi hərəkətlər
Serebral iflic diaqnozu necə qoyulur?
Körpələrdə əgər davamlı ağlama varsa, əllərini həmişə yumruq şəklində saxlayır və açmırsa, qol və ayaqlarında simmetriya yoxdursa, mütləq bir mütəxəssisə müayinə etdirilməlidir.
Körpə normalda edə biləcəyi dövrdə olduğu halda başını dik tuta bilmirsə, dəstəksiz otura bilmirsə və ya ayaq üstə durub yeriyə bilmirsə, uşaq nevroloqu tərəfindən müayinə edilməlidir.
Uşaq nevroloqu xaricdən baxmaqla uşaqlarda və körpələrdə bu xəstəliyi diaqnoz edə bilir. Ancaq uşaqların beyin inkişafının çox sürətli irəliləməsi səbəbindən diaqnoz qoymağı təxirə sala bilər. Epilepsiyası olan xəstələrdə EEQ müayinəsi də tələb olunur.
Serebral iflicin erkən diaqnozunda yerimə analizi, hərəkət analizi adlanan Prechtl metodu istifadə olunur. 0-5 yaş aralığındakı serebral iflicli körpələr 30 dəqiqəlik bir müddətdə videoya çəkilərək ümumi hərəkətlərinin analizi aparılır.
Serebral iflic müalicəsi
Serebral iflic tam müalicəsi olan bir xəstəlik deyil. Xəstəliyin gətirdiyi yan təsirləri və əlamətləri yüngülləşdirməyə kömək edən müalicə üsulları tətbiq oluna bilər. Serebral iflicin müalicəsinə spazmalara qarşı dərmanlar, fizioterapiya, botulinum toksini, qalıcı kontrakturalara qarşı ortopedik müdaxilələr daxildir.
Xüsusilə ağır hallarda müşayiət edə bilən udma disfunksiyasına bağlı qidalanma çətinliyi, yatağa bağlı xəstələrdə tənəffüs problemləri, orta və ağır dərəcəli əqli geriliyi olan xəstələrdə davranış problemləri, eşitmə və görmə qüsurları səbəbindən bu xəstələrə multidisiplinar yanaşma şərtdir.
Yeni müalicə modelləri olan venadaxili və intratekal üsullar xəstənin vəziyyətinə görə tətbiq edilə bilər. Serebral İflic (Sİ) müalicəsində venadaxili tətbiqlər, müxtəlif dərmanların və ya bioloji agentlərin damar yolu ilə birbaşa qan dövranına verilməsi üsuludur.
İntratekal tətbiqlər, dərmanların birbaşa onurğa beyni mayesinə (beyin onurğa beyni mayesi və ya BOS) verilməsi ilə həyata keçirilən müalicə üsuludur.
Bu cür müalicə üsulları, xəstəliyin əlamətlərini yüngülləşdirmək və xəstənin həyat keyfiyyətini artırmaq məqsədi ilə tətbiq olunur. Burundaxili əzələdaxili tətbiqlər də əlavə olunur, hətta kurslar şəklində tətbiq edilir.
Tez-tez verilən suallar
1. Serebral iflic (beyin iflici) nədir?
Serebral iflic, inkişaf etməkdə olan beyində (doğuşdan əvvəl, doğuş zamanı və ya doğuşdan qısa müddət sonra) yaranan zədə nəticəsində ortaya çıxan, hərəkət və duruşa təsir edən qalıcı, lakin proqressiv olmayan (irəliləməyən) bir pozğunluqdur. Bu, əzələlərə nəzarət, koordinasiya və tarazlıq problemlərinə səbəb olur.
2. Serebral iflicin əsas səbəbləri nələrdir?
Səbəblər üç əsas dövrə ayrılır:
Doğuşdan əvvəl (Prenatal): Ananın hamiləlikdə keçirdiyi infeksiyalar, radiasiyaya məruz qalma, qohum evliliyi, genetik faktorlar və bətndaxili inkişaf problemləri.
Doğuş zamanı (Perinatal): Doğuş zamanı körpənin oksigensiz qalması (asfiksiya), göbək ciyəsinin dolanması, vaxtından əvvəl (yarımçıq) və ya gec doğum, doğuş travmaları.
Doğuşdan sonra (Postnatal): Körpəlik dövründə keçirilən ağır infeksiyalar (meningit kimi), beyin qanaması, ağır sarılıq, baş travmaları və qıcolmalar.
3. Serebral iflicin əsas əlamətləri hansılardır?
Əlamətlər xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Ən çox rast gəlinənlər:
Motor bacarıqların inkişafında ləngimə (başını gec tutma, dəstəksiz otura bilməmə, gec iməkləmə və ya yerimə).
Əzələlərdə həddindən artıq sərtlik (spastiklik) və ya həddindən artıq boşluq.
Qeyri-iradi hərəkətlər və ya titrəmələr.
Koordinasiya və tarazlıq problemləri (tez-tez yıxılma).
Udqunma, çeynəmə və danışıqda çətinlik.
Körpələrdə əlləri davamlı yumruq şəklində saxlamaq.
4. Serebral iflic tam müalicə olunurmu?
Xeyr, serebral iflicə səbəb olan beyin zədəsi qalıcı olduğu üçün tam müalicəsi yoxdur. Lakin müasir müalicə və reabilitasiya üsulları ilə xəstəliyin yaratdığı fəsadları minimuma endirmək, şəxsin hərəkət qabiliyyətini artırmaq və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür.
5. Serebral iflicin müalicəsində hansı üsullardan istifadə olunur?
Müalicə multidisiplinar yanaşma tələb edir və fərdə özəl planlaşdırılır. Əsas üsullar bunlardır:
Fizioterapiya: Əzələləri gücləndirmək, hərəkət qabiliyyətini artırmaq və kontrakturaların (oynaq sərtliyinin) qarşısını almaq üçün.
Erqoterapiya (Məşğuliyyət terapiyası): Gündəlik həyat fəaliyyətlərini (yemək yemək, geyinmək) müstəqil şəkildə yerinə yetirmə bacarıqlarını inkişaf etdirir.
Loqopedik müalicə: Danışıq, ünsiyyət və udqunma problemlərini aradan qaldırmaq üçün.
Dərman müalicəsi: Əzələ spazmalarını azaltmaq və epilepsiya (qıcolma) kimi yanaşı gedən problemləri nəzarətdə saxlamaq üçün.
Cərrahi müdaxilələr: Oynaq və sümük deformasiyalarını düzəltmək, əzələ sərtliyini azaltmaq üçün ortopedik əməliyyatlar.
Botulinum toksini (Botoks) inyeksiyaları: Spastik əzələləri müvəqqəti olaraq zəiflədərək hərəkəti asanlaşdırmaq üçün.
6. Serebral iflic irsi bir xəstəlikdirmi?
Serebral iflic birbaşa irsi xəstəlik hesab edilmir. Ancaq bəzi genetik pozğunluqlar və ya qohum evliliyi kimi hallar beyin inkişafına mənfi təsir edərək serebral iflic riskini artıra bilər. Əksər hallarda səbəb genetik deyil, sonradan qazanılmış beyin zədəsidir.
7. Erkən diaqnoz və reabilitasiyanın əhəmiyyəti nədir?
Erkən diaqnoz həyati əhəmiyyət daşıyır. Beyin inkişafının ən sürətli olduğu ilk illərdə başlanan reabilitasiya proqramları uşağın potensialını maksimum dərəcədə üzə çıxarmağa kömək edir. Erkən müdaxilə hərəkət pozğunluqlarının dərinləşməsinin və ağırlaşmaların yaranmasının qarşısını alır.
8. Serebral iflicli uşaqlar normal məktəbə gedə bilərmi?
Bəli. Serebral iflicli uşaqların əksəriyyətində intellekt normal səviyyədə olur. Fiziki məhdudiyyətlərinə baxmayaraq, uyğun dəstək və şərait yaradıldıqda (məsələn, xüsusi avadanlıqlar, fərdi yardım) onlar normal məktəblərdə təhsil ala və uğurlu ola bilərlər.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.